Bloq / Press


Yemçilikdə otun hazırlanma texnologiyası

Yemçilikdə otun hazırlanma texnologiyası

Açıq (səpələnən) otun hazırlanma texnologiyası necədir?

Açıq (səpələnən) otu biçənəklərdə qotmanlama ilə, yaxud bilavasitə tirələrdən toplama yolu ilə tədarük edirlər. Tədarükün texnoloji sxemi aşağıdakı ardıcıl əməliyyatlardan ibarətdir:

biçilmiş ot zolağı əmələ gətirməklə yastılatma ilə və ya yastılatmasız biçmə;

çevirmə;

 tirələrə dırmıqlama;

qotmanlama;

 qotmanları nəqliyyat vasitələrinə yükləmə daşınma və tayalama.

Təbii səpələnən (açıq) taxıl otlarının çalımını istənilən otbiçənlə icra etmək olar; paxlalı otların çalınında, eyni zamanda yastılaşdırma məqsədilə otbiçən yastılaşdırıcılardan istifadə edirlər. Gur və yerə yatmış otluğun çalımı zamanı rotasion (fırlanan) otbiçəndən istifadə edirlər.

Çox yağıntılı iqlimi olan bölgələrdə çalınmış otun tez soluxması üçün biçilmiş zolaqlarda otu vaxtaşırı (üst qatlar quruduqca) qarışdırıcı dırmıqlarla qarışdırır və çevirirlər. Səhər çalınmış ot kütləsini çalımdan dərhal sonra, gündüz çalınmış otu isə çalından 2-3 saat sonra qarışdırırlar. Qarışdırılma əsasən yüksək məhsuldar otluqlarda, çalımdan sonra ot qeyri-bərabər laylarla səriləndə daha da effektivdir. Belə layın qalınlığı ayrı-ayrı yerlərdə 25 sm və daha artıq ola bilər, ona görə də hətta ən yaxşı havada belə qarışdırılmamış ot çox gec quruyur. Çalınmış ot kütləsinin rütubətliyi 50%-dən aşağı, taxıl bitkilərinin isə 40%-dən aşağı olmamaq şərti ilə otu tirələrə dırmıqlayırlar.

Quru otun çevrilməsi və dırmıqlanması zamanı müxtəlif brendlərə aid müasir dırmıqlardan istifadə edirlər. Qurumuş kütləni dırmıqlamaq üçün həmçinin müxtəlif markalı eninə traktor dırmıqlarından istifadə edirlər. Kütlənin rütubətliyi 25-30%-ə çatana qədər tirələrdə qurudulan otu qotmanlara götürücü qotmanyığanları ilə yığırlar. Qotmanın ən məqsədəuyğun forması üstü girdə, silindrik formadır. Bu, quru otun daha tez qurumasını və yağışlı hava şəraitində daha az islanmasını təmin edir. Rütubətlik 20-22%-ə qədər azalanda qotmanları taylara vururlar. Qotmanlara ehtiyac olmayanda tayaları bilavasitə tirələrdən yığırlar. Qotmanları taya vurulacaq yerə daşımaq üçün iri həcmli yük yeri olan traktor qoşqularından, həmçinin qotmandaşıyandan istifadə edirlər. Otun nəqliyyat vasitələrinə yüklənməsini tayavuran vasitəsi ilə icra edirlər.

 

Preslənmiş otun hazırlanma texnologiyası necədir?

 Preslənmiş otun səpələnmiş (açıq) otdan bir sıra üstün cəhətləri var. Preslənmiş otun tədarükü zamanı mexaniki itkilər 2-2,5 dəfə azalır, çünki bəzi əməliyyatlar (daşınma, qotmanlama, tayalama) aradan qalxır. 1 kq preslənmiş otda 0,6, 1 kq preslənməmiş (açıq) otda isə - 0,4 yem vahidi var, bununla əlaqədar açıq otun 1 yem vahidinin dəyəri preslənmiş otun 1 yem vahidinin dəyərindən 60% yüksəkdir. Bundan başqa, preslənmiş otun tayları (kipləri) açıq otdan 2,5 dəfə az yer tutur ki, bu da samanlıqlarda otun saxlama şəraitinin daha da yaxşılaşdırmağa imkan verir. Preslənmiş otun kiplərini (taylarını) axurlara daşımaq və paylamaq daha rahatdır. Bu əməliyyatları apararkən əmək xərclərinə 3-4 dəfə qənaət etmək olur. Preslənmiş otun hazırlanma texnologiyası aşağıdakı əməliyyatlardan ibarətdir: çalım, çevirmə, tirələrə dırmıqlama, presləmə, tayaları tutma (kipin bağlanması) və tayalama.

Preslənmiş otun tədarükü zamanı nəzərə almaq lazımdır ki, ot kütləsi nə qədər quru olsa, mexaniki itkilər presləmə vaxtı bir o qədər çox olur, ona görə də ot kütləsinin bilavasitə tirələrdən, ot tam rütubətlilik dərəcəsinə çatana qədər (yəni tam qurumamış) presləmək lazımdır.

Otu tirələrdən yığıb düzbucaq formalı taylara presləmək (yəni kip bağlamaq) üçün qoşulan pres (tay, kip) yığandan istifadə edilir. Pres yığan tayları (kipləri) həm də iki dəfə məftillə, yaxud iplə bağlayıb presləyir. Otu diametri 1,6 m, uzunluğu 1,4 m, sıxlığı 200 kq/m3 olan rulonlara (lülələrə) presləmək üçün rulon preslərindən istifadə edirlər.

 

Xırdalanmış otun hazırlanma texnologiyası necədir?

 Ot tədarükünün ən qabaqcıl üsulu otu tirələrdən yığmaq, xırdalamaq və aktiv ventilyasiyanın köməyi ilə tam qurutmaqdır. Bu üsul çalından tutmuş yemin heyvanlara paylanmasına qədər olan bütün prosesləri tam mexanikləşdirməyə imkan verir ki, bununla da preslənmə ilə müqayisədə sədə əmək və vəsait xərcləri 2-2,5 dəfə azalır. Bundan başqa, qida maddələrinin itkisi xeyli azalır.

 

Briketləşdirilmiş otun hazırlanma texnologiyası necədir?

Ot yemlərinin yeni effektiv üsulla hazırlanması  otun (kərpic şəklinə salınması)  briketləşdirilməsidir. Bu üsul bir əkin sahəsindən çıxan yem vahidlərinin və qida maddələrinin hasilatını yüksəltməyə, hazırlanma, saxlama və istifadə etmə zamanı itkiləri azaltmağa imkan yaradır. Bunu Heyvandarlıq İnstitutunun yonca-pişikquyruğu qarışığından təbii quruma yolu ilə alınan otun və həmin ilkin kütlədən hazırlanan briketlərin müqayisəli qiymətləndirilməsi barədə aparılan tədqiqatları təsdiq edir.

 

Digər yem hazırlama üsulları haqqında növbəti bloq yazılarımızda məlumat verəcəyik. Bizi izləməyə davam edin…

Baxış: 1050


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar