Bloq / Press


Qarğıdalı əkini necə aparılmalı?

Qarğıdalı əkini necə aparılmalı?

Dünya əkinçilik sistemində ərazinin dən üçün becərilən sahəsi 129 milyon hektara bərabərdir. Dünyada qarğıdalı əkinlərinin 23 faizi Amerikanın payına düşür. Bu ölkədə ümumi dən istehsalının 60 faizini qarğıdalı təşkil edir. Braziliyada 12,4 milyon hektara, Hindistanda 5,8 milyon hektara, Argentinada 3,2 milyon hektara bərabər olan qarğıdalı əkinləri ölkəmizdə də özünəməxsus yerlərdən birini tutur. Belə ki, 2000-ci ildə respublikamızda dən üçün əkilən qarğıdalının əkin sahəsi 31 870 hektara, məhsuldarlığı 32.5 s\ha bərabər olmuşdursa, artıq 2015-ci ildə dən üçün qarğıdalının əkin sahəsi 36 909 hektara çatdırılaraq həmin sahələrdə 59.2 s\ha məhsul istehsal olunmuşdur. Bu bitkinin xalq təsərrüfatında istifadə istiqamətləri çoxsahəlidir. Onun dənindən un, yarma və konserv hazırlanır. Sənayedə qarğıdalı dənindən nişasta, etil spirti, şəkər, bal, yağ, E vitamini, askorbin və qlütamin turşuları alınır. Bitkinin gövdəsindən və yarpağından kağız, linoleum, şüşə qablar üçün süni tıxaclar, plastik kütlə və başqa məmulatlar da hazırlanır. Qarğıdalı dəni qaramal və quş üçün ən qiymətli yemdir. Bir kiloqram quru dəndə 1,34 yem vahidi və 78 qram həzm olunan protein vardır. Dənindən həm də qarışıq yem istehsalında istifadə olunur. Bu bitkidən çox keyfiyyətli silos alınır və qiymətli, qüvvəli, şirəli yem kimi istifadə edilir. Qarğıdalı silosu yaxşı həzm olunmaqla yanaşı, həm də pəhriz xüsusiyyətinə malikdir. Vitaminlərin sayına görə qarğıdalı yem bitkiləri arasında əvəzolunmaz yer tutur. Bir sələf bitkisi kimi də qarğıdalının əhəmiyyəti böyükdür. Ölkəmizin cənub rayonlarında gecikmiş və ya təkrar səpinlə qarğıdalının eyni sahədən bir ildə iki dəfə və daha artıq məhsulunu yığmaq mümkündür. Qarğıdalı, o cümlədən, torpağı alaq bitkilərindən təmizləmək üçün də ideal sələf bitkisidir. Onun güclü kök sisteminə malik olması əkin sahəsində başqa alaq otlarının çıxışının qarşısını alır.

 


Qarğıdalı əkini:


İnsan əsrlər boyu torpaqdan maksimum məhsul almaq üçün fərqli üsullara əl atıb. Hər il düzgün olmayan aqrotexniki tədbirlər və intensiv suvarmalar, həmçinin torpaqda qalan bitki qalıqlarının yandırılması torpağın üst qatının yuyulmasına, eroziyaya uğramasına gətirib çıxarır. Son göstəricilərə görə insanların fəaliyyəti hər il torpağın üst qatının 26 mln. tonunu yararsız hala gətirir. Son illər artıq insanlar başa düşüblər ki, aqrotexniki tədbirlər yüksək məhsul almaqla bərabər torpağı da mühafizə etməlidir. Artıq torpaq və resurs qoruyucu əkinçilik bu məsələlərlə məşğuldur. Qarğıdalı toxumunun cücərməsi üçün yüksək temperatur vacib şərtdir. Dəndə cücərti artıq 6˚C-də oyansa da, dən qabığını 8˚C-də yarıb çıxır. Vegetativ orqanların (kök, gövdə, yarpaq) əmələ gəlməsi üçün 10˚C temperatur lazımdır. Generativ orqanların yaranması və çiçəkləmə üçün isə 12˚C istilik tələb olunur. Bu bitki şaxtaya çox həssasdır. Cücərtilər -2˚C-yə qədər tab gətirə bilirlər, ancaq-3˚C-də məhv ourlar.
Yüksək temperatur əsasən də çiçəkləmə və tozlanma fazalarında qarğıdalı üçün əlverişli deyil. Artıq 30-35˚C temperatur qarğıdalının inkişafına mənfi təsir göstərir. Əsasən də, çiçəklənmə dövründə havadakı yüksək temperaturla bərabər qarğıdalı əkilən torpaqda aşağı nəmlik faktoru da vardırsa, məhsuldarlıq kəskin düşəcək. Buna səbəb, qarğıdalının erkək çiçəkdəki mayalama tozcuqlarıdır. Onlar 60 faiz nəmliyə malikdirlər və hava temperaturunun 32-35˚C, hava nəmliyinin isə 30 faizdən aşağı olduğu halda quruyur və tozlanma qabiliyyətlərini itirir. Qarğıdalının kök sisteminin inkişafı da temperaturdan çox asılıdır. Kök sisteminin inkişafı üçün optimal temperatur təqribən 24˚C-dir. Əgər vegetasiya dövründə torpağın temperaturu 16˚C-yə çatmazsa, orta və gecyetişən sortlar çiçəkləyə bilmir. Bu bitkinin məhvinə səbəb olacaq minimal temperatur 4-5˚C, maksimal temperatur isə 48˚C dərəcədir. Qarğıdalı əkinləri aparılacaq sahələrdən ilkin olaraq torpaq analizləri aparılmalıdır və torpaqdakı qida maddələrinin tərkibi öyrənilməlidir Daha sonra tələbata görə torpağa gübrələr verilməlidir. Ümumən qarğıdalı bitkisinin hər 100 kiloqram dən əmələ gətirməsi üçün təqribən 2.5 kiloqram azot, 1 kiloqram fosfor, və 1.5 kiloqram kalium gübrəsinə ehtiyacı var. Qarğıdalı əkilən bölgələrimizdə peyinin mineral gübrələrlə bərabər verilməsi gözəl nəticə verir.


Növbəli əkinə olan tələbat:


Növbəli əkin dedikdə torpağın münbitliyini artırmaqla bitkilərin xəstəlik və zərərvericilərə, alaqlara qarşı mübarizə aparma əsasında bütün əkin sahələrindən yüksək və keyfiyyətli məhsul götürmək üçün bitkilərin sahə və vaxt üzrə növbə ilə əkilməsi, bununla əlaqədar görülən tədbirlər sistemi başa düşülür. Əkinçiliyin əsas qanunlarından biri odur ki, yüksək məhsuldarlıq əldə etmək üçün bitkiləri növbəli əkmək lazımdır. Çünki fərqli bitkilər torpaqda fərqli qida elementlərindən istifadə edir və hər bitkinin özünə məxsus xəstəlik və ziyanvericiləri var. Eyni bitki uzun illər eyni sahədə əkiləndə artıq torpaq zəifləyir və məhsuldarlıq kəskin aşağı düşür.
Növbəli əkinin əsas məqsədləri bunlardır:
1. Torpağın məhsuldarlığını artırmaq və onun qida maddələrindən düzgün istifadə etmək;
2. Məhsuldarlığın və alınan məhsulun keyfiyyətini artırmaq;
3. Əkinlərin alaqlarla zibillənməsini azaltmaq, xəstəlik və ziyanvericilərin yayılmasının qarşısını almaq;
4. Torpaqlarda su və külək eroziyalarının qabağını almaq.
Qarğıdalı növbəli əkində adətən payızlıq bitkilərdən (buğda, arpa və s.) sonra əkilir. Qarğıdalı üçün ən yaxşı sələf bitkiləri isə paxlalılar (noxud, lobya, soya və s.), kartof, kökümeyvəlilər və tərəvəz bitkiləri sayılır. Qarğıdalının özü də, əsasən, silos üçün əkilən bir çox bitkilər üçün gözəl sələf bitkisidir. Qarğıdalıdan sonra torpaqda onun güclü kök sistemi qalır və o, torpaqla yaxşı qatıldıqda münbitlik yaradır. Həmçinin, əgər əkin zamanı alaqlarla düzgün mübarizə aparılıbsa, sahələr qarğıdalıdan sonra alaq bitkilərindən təmizlənmiş olurlar.



Səpin üçün torpağın hazırlanması:


Əkin üçün ayrılan sahələr peyin və mineral gübrələr verildikdən sonra 27-30 santimetr dərinlikdə dondurma şumu edilməli və sonra arat edilməlidir. Yazda iş üçün sahəyə çıxmaq mümkün olan kimi dondurma şumlarının malalanması həyata keçirilməlidir. Bütün suvarılan torpaqlarda yüngül hamarlama işi həyata keçirilməlidir. Səpinqabağı torpağın şumlanması torpağın isinməsinə kömək edir, sahəni alaqlardan təmizləyir və həmçinin torpaq mikroflorasının fəaliyyətini yaxşılaşdırır, toxumların torpaqda bir bərabər dərinliyə düşməsinə və sahədə torpaq səthinin hamarlanmasına səbəb olur. Yazda şumun tirələri azca quruyan kimi, onu “ziq-zaq” dişli mala ilə malalamaq zəruridir. Malalamanın dalınca sahə 10-12 santimetr dərinlikdə bütöv kultivasiya ilə yumşaldılır və yenidən malalama aparılır. Kür-Araz düzənliyindəki rayonlarda və başqa suvarma rayonlarında torpaqda su ehtiyatını yaratmaq üçün mütləq şırımlarda arat keçirilməlidir. Arat-əkinqabağı torpağın nəmliyini kifayət qədər artırmaq və duzluluğu bir qədər yüksək olan torpaqlarda yuma rejimi yaratmaq üçün əkin sahəsinə bir qədər iri norma ilə verilən sudur. Arat elə vaxtlarda keçirilməlidir ki, torpaq səpinə qədər yetişsin. Arat edilmiş sahələrdə torpaq quruduqca malalanmalıdır. Əgər torpaqda alaq otları varsa və ya torpaq sıxlaşıbsa, dondurma şumu kultivatorla 10 - 12 santimetr dərinliyində becərilməli və eyni zamanda malalanmalıdır. Aran və dağətəyi rayonların suvarılan torpaqlarında, habelə rütubətlə yaxşı təmin olunmuş dəmyə torpaqlarda qarğıdalı əkini üçün herik şumundan istifadə edilməsi məsləhət görülür. Bilavasitə səpindən qabaq hər yerdə torpaq toxum basdırılan dərinlikdə şumlanmalıdır. Qarğıdalının əkin dərinliyi torpaq və iqlim şəraitindən asılı olaraq 2-7.5 santimetr arasında dəyişə bilər. Əgər əkilən sahənin üst qatı quru və istidirsə əkin dərinliyi arta bilər. Məsələn, dənləri daha da çox nəmliklə təmin olunmuş bir qata qoymaq üçün gilli torpaqlarda qarğıdalı 7.5-8 santimetr, qumsal torpaqlarda isə 12.5 santimetr dərinlikdə əkilə bilər. Əgər torpaq qarğıdalı əkini üçün əlverişlidirsə dənin əkin dərinliyi 5-8 santimetr ola bilər. Tarlalarda bioloji zibillənmənin qarşısını almaq üçün müxtəlif sortların əkinləri elə yerləşdirilməlidir ki, başqa sort və ya hibrid bitkilərlə tozlanma imkanı olmasın. Sortlar və hibridlər arasında azı 200 metr məsafə qoyulmalıdır. Toxumçuluq üçün ən münbit torpaqlar seçilməlidir. Bataqlaşmış və şoran torpaqların toxumçuluq üçün ayrılmasına yol vermək olmaz. Payızlıq taxıl, kartof, tərəvəz və dənli-paxlalı bitkilər qarğıdalı üçün əla sələfdir. Torpaqda buxarlanmanın qarşısını almaq və göyərən alaq otlarını sonrakı becərmələr zamanı məhv etmək məqsədi ilə sələf dənli bitki olan sahələr məhsul yığıldıqdan sonra dərhal 4-6 santimetr dərinlikdə üzdən yumşaldılır. Torpağın üzdən yumşaldılması nəticəsində biokimyəvi proseslər sürətlənir, xəstəlik və ziyanvercilərin azalmasına səbəb olur, su rejimi yaxşılaşır.


Qarğıdalı toxumunun səpilməsi pnevmatik və mexaniki toxumsəpən aqreqatlardan istifadə edilməklə aparılır. Pnevmatik toxumsəpən aqreqatlardan istifadə edildiyində cərgəarası məsafəni, eləcə də toxumun basdırılma dərinliyini asanlıqla nizamlamaq mümkündür. Bu isə bitkilərin seyrəldilməsi işlərini asanlaşdırır. Ümumiyyətlə, sutkаlıq tеmpеrаtur +10-12оC-yə çаtdıqdа qаrğıdаlı toxumunun torpağın 7-10 sm dərinliyində səpininə bаşlаmаq оlаr. Qarğıdalının səpin müddəti aran və nisbətən isti bölgələrdə adətən aprelin birinci ongünlüyündə, dağlıq və dağətəyi bölgələrdə isə aprelin üçüncü ongünlüyündə aparılmalıdır. Dən üçün qarğıdalı bitkisinin yerli sortları üçün əkin sxemi 70x30 sm, toxumun böyüklüyündən asılı olaraq hektara 18-20 kq, silos və yaşıl kütlə üçün isə 70x15 sm olmaqla 25-28 kq toxum materialı sərf olunur. Yuvаdа çох bitki sахlаnılаrsа, bitkilərdə nоrmаl böyüklükdə qıçа yаrаnmır. Qarğıdalının əkilməsində cərgəarası məsafə 70 sm, bitkilər arası məsafə isə torpağın məhsuldarlığı və yağıntıların düşməsi vəziyyəti ilə bağlı olaraq 25-35 sm arasında ola bilər.



Suvarma:


Qarğıdalı bitkisi suvarmaya çox həssasdır. Bu bitkinin yetişmə fazası ilin isti fəslinə düşdüyü üçün suya tələbatı böyükdür. Misal üçün ədəbiyyatlara istinadən 1 kiloqram qarğıdalı dəni üçün 750-900 litr su istifadə edilir. Azərbaycanda qarğıdalı daha çox Şəki-Zaqatala bölgəsində, dəmyə şəraitində əkilir. Dəmyə əkinçiliyi - süni suvarmaya ehtiyac olmadan reallaşdırılan əkinçilik növüdür. Dəmyə əkinində məhsuldarlıq torpağın rütubət miqdarından və yaz yağışlarından asılıdır. Adətən bu torpaqlarda suvarılma yalnız quraqlıq dövrlərdə aparılır. Qarğıdalının suvarılmasına hazırlıq Suvarılan torpaqda isə vegetasiya dövründə qarğıdalı bir neçə dəfə sulanmalıdır. Yaxşı məhsul almaq üçün bu bitkinin su ehtiyacı vaxtında tamamən ödənilməlidir. Qarğıdalı əkinlərinin aparıldığı torpaqlarda ilk olaraq əkin zamanı lazım olacaq suyun qədəri ərazidəki su ehtiyatı ilə qarşılaşdırılaraq hesablamalar aparılmalıdır. Suvarma üçün öncə bitkinin suya ehtiyacı öyrənilməlidir. Bu ehtiyac bitki və torpağın vizual analizlərinə görə təsbit edilməlidir. Erkən səhər saatlarında sahəyə çıxıb bitkiləri yoxlamaq lazımdır. Əgər bitkilərin yarpaqlarında porsuma və qıvrılma müşahidə edilirsə demək bitkinin suya ehtiyacı var. Bir başqa üsul isə torpağın əl ilə müşahidə edilməsidir. Qarğıdalı bitkisinin kök dərinliyində torpaq götürüb əl ilə sıxılır. Əgər torpaq dağılırsa sulama aparılmalıdır, torpaq dağılmırsa, əksinə ələ yapışırsa, demək torpaq nəmişliyi yaxşıdır və suvarmaya ehtiyac yoxdur. İlkin suvarma əkindən sonra toxumların islanıb cücərməsi və çıxışların alınması üçün aparılır. Sonrakı dövrlərdə metodikaya görə suvarılan əkinçilik rayonlarında qarğıdalının dörd kritik suvarma dövrü var:

• Birinci, suvarılma gövdələmə (boruya çıxma fazasında, inkişaf fazasının əvvəlində) cərgəarası kultivasiya və seyrəltmədən sonra bitki boyu 10-15 santimetr olduqda;
• İkinci, suvarılma süpürgə yaranmazdan əvvəl;
• Üçüncü, suvarılma çiçəklənmə fazasıdır, bu dövrdə suya ən çox ehtiyac süpürgələrin çıxışından bir həftə əvvəldən, tam çiçəkləmə fazası bitənə kimi olan dövrdür. Bu dövrə bitki sulanmış olaraq girməlidir. Əks halda dən doldurma faizi çox aşağı düşər. Məsələn 1-2 günlük keçici solğunluq məhsuldarlığın ən az 20 faiz aşağı düşməsinə səbəb olur;
• Dördüncü, suvarılma dənin dolması fazasında həyata keçirilir. Süd yetişmə fazasında dən doldurmanı artırmaq məqsədi ilə aparılır. Bu su dən doldurma vaxtını uzadır və toxumların iri və ağır olmasını təmin edir.


Qarğıdalının sulanması üç üsulla həyata keçirilir:
1. Damlama üsulu ilə;
2. Çiləmə üsulu ilə;
3. Arx sistemi ilə.


Damlama sistemi - su təchizatı zəif olan təsərrüfatlar üçün ideal seçimdir. Bu üsulda su israfının qarşısı alınır.


Çiləmə üsulu - bu üsul modern sistem sayılır və bəzi təsərrüfatlarda istifadə olunur. Ancaq bu sistemin mənfi cəhətləri var. Bu üsulun qarğıdalı vegetasiyasının bütün dövrlərində istifadə olunması bəzi problemlərə səbəb ola bilər. Yetişmənin son fazalarında çiləmə suvarma bitki yarpaqlarında və başqa orqanlarda deşilmələrə, parçalanmalara səbəb olur. Bundan başqa çiçəkləmə zamanı tozlanmanın və döllənmənin qarşısını alaraq məhsul itkisini yaradır. Daha bir səbəb isti havalarda çiləmə üsulu ilə suvarma bir çox xəstəliklərə səbəb olur. Bu üsulla sahələri suvarılmadan cıxış üçün və bitkilərin 50-60 santimetr hündürlükdə olana qədər istifadəsi qənaətbəxşdir. Süpürgələrin əmələ gəlməsindən əvvəl və sonrakı dönəmlərdə arxlarla sulama aparmaq lazımdır.


Arx sistemi - ən əlverişli üsul sayılır. Dib doldurmada traktorlarla arxlar açılaraq birbaşa suvarma aparılır. Bu üsulun istifadəsi zamanı su bitkinin üst təbəqələri ilə təmas etmədiyi üçün və azotlu gübrənin daha yaxşı torpağa keçməsinə səbəb olduğuna görə ən optimal suvarma üsulu sayılır. Buna görə dib doldurmadan sonra arxlar açılmalıdır. Arxlar çox uzun olmamalıdır. Qarğıdalının damlama sistemi ilə suvarılması. Qarğıdalıların çiləmə üsulu ilə suvarılması. Qarğıdalıların arx üsulu ilə suvarılması onlar sahə uzunluğunda deyil bitkiyə su çatacaq dərəcəyədək açılır. Arxların uzunluğu su miqdarına, torpaq tərkibinə görə 100-150 metr olmalıdır. Qarğıdalı sulanarkən arxlar su ilə dolmalıdır. Suyu israf etmək olmaz. Verilən su bir neçə saata tam torpağa hopmalıdır

 


Yığım:


Qarğıdalı məhsulu yağışlar başlamamış, soyuqlar düşməmiş yığılmalıdır. Yığım gecikdirilsə məhsul itkisi baş verər. Çünki, yağışların yaratdığı nəmişlik xəstəliklər yaradır və toxumun saxlanma prosesində böyük itkilərə səbəb olur. Qarğıdalının yetişmə dövrünü bir çox alimlər fərqli meyarlara görə təyin etməyi tövsiyə edirlər, məsələn:
• Əkin günündən və ya cücərtilərin əmələ gəlməsindən 50 faiz süpürgə və qıçaların əmələ gəlməsinə görə;
• Əkin günündən yetişmə dövrünədək qıça yarpaqlarının saralmasına görə;
• Yığım zamanı dəndəki quru maddənin və nəmliyin faizinə görə;
• Vegetasiya dövründəki temperaturun cəminə görə;
• Standarta görə müqayisə etməklə;
• Yarpaq sayı və yetişmə;
• Əkin günündən dənin qıçaya birləşmə nöqtəsində qara nöqtənin əmələ gəlməsinə görə.


Qarğıdalı üç formada yığılır:


1. Dən üçün yığım;
Qarğıdalının dən üçün yığımının əsas məqsədi toxumluq üçün dən istehsalıdır. Məqsəd ən az itkilərlə yüksək quru maddə faizi ilə məhsulun yığılmasıdır. Bunun üçün yatmağa davamlı sort və hibridlərlə yanaşı keyfiyyətli yığım kombaynları lazımdır. Məhsulda quru maddənin yığım vaxtı 60 faiz olması lazımdır. Bu vaxt dənin qıçaya birləşmə nöqtəsində qara nöqtəni görmək olar. Dənlik qarğıdalı yığımı iki sxem üzrə aparılır. Birinci üsul qıçaların yığımı və dənin döyülməsi proseslərini cəmləşdirir. Yığım vaxtı gövdə və yarpaqlar sonradan siloslama üçün xırdalanır. İkinci halda qarğıdalı qıçaları artıq yığım prosesində dən üçün döyülür.


2. Döyülməmiş tam qıçaların yığımı;
Qıçaların yığımı kombaynlar ilə aparılır. Daha sonra qıçalar qurudulur və xüsusi dən döyən aparatlarla döyülərək yem və ya toxum üçün dən alınır. Bitkilər 15 santimetr hündürlükdə kəsilir. Qıçada dənin zədələnməsinə, dən yığan kombaynla yığılarsa, 6 faizdən, qarğıdalıyığan kombaynlarla yığılarsa 1.5 faizdən çox olması yolverilməzdir. Qarğıdalı qıçalarının yığımı 96 faizdən az olmamalıdır, qıçaların üz qabığından təmizlənməsi 95 faizdən aşağı olmamalıdır.

3. Silos üçün yığım;
Silosluq qarğıdalının yem dəyərliliyi, fiziki və kimyəvi tərkibi bir mənalı olaraq yığım vaxtı dənin yetişmə fazasından asılıdır. Daha keyfiyyətli silos qarğıdalının mum və süd - mum fazasının sonunda yığılan məhsuldan alınır. Bu mərhələlərdə dənin nəmliyi 65 - 70 faiz təşkil edir, şəkər ehtiyatı çox olur və silosun turşululuq dərəcəsi mülayim olur. Yem kimi istifadə edildikdə bu silos heyvanları 20 faiz enerji ilə təmin edir. Bu isə həm yemə qənaət edir, həm də böyük miqdarda süd məhsulu almağa səbəb olur. Silos üçün yığım süd - mum yetişmənin erkən mərhələlərində aparıldıqda qida maddələrinin əhəmiyyətli hissəsinin itkisi baş verir. Məsələn, süd - mum fazasının başlanğıcında, dənin yüksək nəmliyi və quru maddənin itkisi səbəbi ilə silos daha çox turşuluq faizinə çatır. Bu zaman silosun şirəsi ilə 5 faiz quru maddə axıb gedir. Yadda saxlamaq lazımdır ki, əgər məhsuldarlıq aşağıdırsa, o zaman qarğıdalını süd - mum yetişkənlik dövründə yığmaq lazımdır. Bu vaxt silos üçün bitkinin yaşıl kütləsi daha şirəli və yaşıl olur. Yaxşı məhsuldar əkinləri mum yetişkənlikdə silos üçün, tam yetişkənlikdə isə dən üçün yığmaq lazımdır.
Qarğıdalı sahələrində müasir pivot sulama sisteminin tətbiqi, yüksək məhsuldarlığı ilə seçilən toxumlardan istifadə , torpağa plana uyğun professional qulluq, gübrələrdən düzgün istifadə, işçi heyətin mütamadi təlimləndirilməsi və effektiv idarəetmə fermerlərin işinin əsasını təşkil edir.

Baxış: 9344


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar