Bloq / Press


Meyvə ağaclarının əkilmə qaydaları

Meyvə ağaclarının əkilmə qaydaları
Meyvə ağacları hansı fəsildə əkilməlidir?

Ağaclar yaz və payız aylarında əkilməlidir. Əgər əkin payızdadırsa, o zaman oktyabrın ikinci yarısından gec olmayaraq, əgər yazdadırsa, aprelin ikinci yarısı - mayın əvvəlindən gec olmayaraq həyata keçirilməlidir. Gec əkildiyi zaman zəif kök salır və əlavə suvarmaya ehtiyac olur.

Tinglərin əkilməsi zamanı meyvə ağaclarına necə qulluq edilməlidir?

Meyvə ağaclarının əkilməsi zamanı əkin materiallarının vəziyyəti önəm kəsb edir. Əgər köklər quruyubsa, ağacı əkmədən öncə onları 12-24 saat suda saxlamaq lazımdır. Köklərin quruması ağacın tutub-tutmamasına mənfi təsir göstərir. Köklərdə qurumuş hissələr varsa, ehtiyatla sağlam köklərə qədər kəsilməlidir. Kəsərkən maksimum az və düz (əyri kəsmək olmaz) kəsmək lazımdır.

Meyvə tinglərinin əkilməsi üçün 40 sm enində və 40 sm dərinliyində çala qazılmalı və  bir-birindən 2-4 metr məsafədə əkilməlidir. Tingin ölçüsü 80-120 sm-ə qədər ola bilər. Hündür olarsa, baş hissəsindən kəsmək lazımdır ki, tingin kökü formalaşa bilsin. Kökü torpaqlı böyük ağacların (boyu 2-3 m olan) əkilməsi üçün 50 sm enində və 50 sm dərinliyində çalalar qazılmalıdır. Əkinin düzgün dərinliyini bilmək də çox vacibdir. Dərinlik az olarsa, ağacın kökləri qışda şaxtadan, yayda isə istidən məhv olar. Əksinə, çox dərinə əkilərsə, o zaman da ağac quruyar, kökləri zəif inkişaf edər. Ağacı düzgün əkmək üçün nəzərə almaq lazımdır ki, əkin zamanı yeni qazılmış çuxur yenidən torpaq ilə örtüldüyü zaman müəyyən daralma baş verir. Düzgün əkilmiş ağacın kök boyuncuğu (kökün gövdəyə keçid hissəsi) torpağın səthindən 4-5 sm hündürlükdə olmalıdır. Əkildikdən sonra ağac çuxurda normal vəziyyət alır. Belə ki, onun kök hissəsi torpaq qatı ilə eyni səviyyədə olacaq. Çuxurun uzunluğu boyunca nazik dirək qoyaraq ağacın əkilməsi üçün lazımi dərinliyi asanlıqla təyin etmək olar. Ağac tingləri münbit torpaq və üzvi gübrə qarışığı ilə əkilməlidir. Mütləq suvarılma aparılmalı və gövdənin ətrafı torpaqla doldurulmalıdır.

Ağaclar necə əkilməlidir?

Ağacın əkilməsini iki nəfər həyata keçirməlidir. Bir nəfər ağacı çuxura yerləşdirir, köklərini düzəldir, ikinci şəxs isə yavaş-yavaş çuxuru torpaq ilə doldurur. Köklərin aralarına torpağın tam dolması üçün ağacı saxlayan şəxs ehmalca onu tərpədir. Köklər tam örtüldükdən sonra şitilin ətrafındakı torpaq bərkidilir. Ağacı əkərkən köklərin çuxur boyu tam uzadılmasına, uclarının yuxarıya doğru əyilməməsinə diqqət etmək lazımdır. Ağac çuxurun tam ortasında əkilməlidir. Çuxuru doldurarkən torpağın yalnız üst qatı istifadə olunmalıdır.

Əgər ağac yazda əkilirsə, o zaman günəşin təsirindən qorumaq üçün onu şimal və ya şimal-şərq istiqamətlərdə əkmək lazımdır. Ağacın yaz və ya payızda əkilməsindən asılı olmayaraq, əkilmiş hər ağacın ətrafında balaca quyu qazılır və ora 2-3 vedrə su tökülür. Bununla sadəcə torpağı sulamaq yox, eyni zamanda, nəmləndirərək köklərin torpağa tam oturması təmin edilmiş olur. Sulandıqdan sonra səthin üzəri dağınıq torpaq və ya torf ilə örtülür. Bu, torpaqda nəmin qorunub saxlanılması və üzərində lazımi qabığın əmələ gəlməsi üçün vacibdir.

Meyvə ağaclarının yaxşı inkişaf etməsi üçün hansı qaydalara əməl olunmalıdır?

Ağac əkilən vaxtdan inkişaf dövrünə qədər sahəyə baxış keçirilməli, kök boğazı boşalıbsa dibi mütləq torpaqla bərkidilməlidir.

Meyvə ağaclarında inkişaf dövrü başladıqdan sonra ağac zəif inkişaf edərsə bu zaman ağacın kök sistemini qüvvətləndirən gübrə verilməlidir. Üzvi gübrələrin payızda ağacın əkilmə zamanı, mineral gübrələrin isə yazda verilməsi məsləhətdir. Yay mövsümündə həftədə iki dəfə suvarma aparılmalıdır və dibləri yumşaldılmalıdır ki, ağac yaxşı inkişaf etsin, yüksək məhsuldarlıq əldə olunsun.

Əkinin birinci ilində həşəratların ağacın gövdəsində qoyduğu yumurtaları məhv etmək üçün ağacın cinsinə uyğun kimyəvi dərmanlardan istifadə etmək məsləhətdir.

Baxış: 3388


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar