Bloq / Press


Arıçılıq təsərrüfatına ziyan vuran xəstəliklər

Arıçılıq təsərrüfatına ziyan vuran xəstəliklər

 Azərbaycanda yayılmış arı xəstəliklərinin və zərərvericilərinin, arı xəstəliklərinin vaxtında aşkarlanmaması, yaranma səbəblərinin aydınlaşdırılmaması, xəstəliklərə qarşı mübarizə tədbirlərinin görülməməsi hər il minlərlə arı ailəsinin məhv olmasına səbəb olur. Bundan başqa xəstəliklər nəticəsində zəifləmiş ailələrdə məhsuldarlıq aşağı düşür, arıçılıq gəlirsiz bir sahəyə çevrilir.

Varroatoz

Bu arıxanalara ən böyük zərər verən bir parazit xəstəliyidir. Xəstəliyin zərərləri aşağıdakılardır: varroa gənələri arıların hemolimfasını (qanını) soraraq onları zəiflədir, arılar üzərlərində ağır yük daşıyır və ən əsası bu gənələr vasitəsilə,arı ailələri bir çox xəstəliklərə yoluxur. İşçi arı üzərindəki gənələr insan üzərindəki tısbağalar (hərəsi 8 kq) ilə müqayisə oluna bilər. Bu xəstəliyin arı ailələrini zəiflətməsinin nəticəsi olaraq bir çox xəstəliklər, o cümlədən, çürümə xəstəlikləri yarana bilər.

Xəstəliyin əlamətləri: Uçuş bacasının qarşısında yaşama qabiliyyətinə malik olmayan qanadsız, ayaqsız, formasız bədənə malik arıların görünməsi xəstəliyin xarakterik əlamətləridir. Arıların xeyli hissəsi normadan kiçik olur.

Xəstəliyin kəskin mərhələsində (hər 100 arıya 20-dən çox varroa gənəsi) ölmüş erkək və işçi arı sürfələri, cavan erkək və işçi arılar yuvadan çölə atılır.

 

Akarapidoz

Akarapis gənələri çox kiçik ölçülərə malik olub (adi gözlə görünmür) arıların tənəffüs yollarında parazitlik edirlər.Xəstəliyin qorxulu tərəfi ondan ibarətdir ki, əlamətləri arıların 30 – 50 %-i yoluxduqda, yəni yoluxmadan 2-3 il sonra özünü biruzə verir. Xəstəlik qışın axırı və yazda, həmçinin, yayın uzunmüddətli yağışlı günlərində daha da şiddətlənir. 

Əlamətləri: Xəstə arılar pətəyin ətrafında qanadlarını titrədərək sürünürlər.Qışdan çıxmış arılarda arxa hissənin böyüməsi müşahidə olunur. Arılar arxası üstə çevrilib dövrə vurur, parazitdən yaxa qurtarmağa çalışırlar.Bəzi arılarda qanadların çəpləşməsi müşahidə olunur.Xəstə arılarda nəfəs borusu tutqun və əzilmiş olur. Bir çox hallarda bu xəstəlik nozematoz və ya varroatoz xəstəlikləri ilə eyni vaxtda baş verir. Ona görə arıların uçuş bacalarını və pətəkdəki çərçivələri ifrazatla çirkləndirməsi həm də akarapidoz xəstəliyinin əlaməti sayılır.

 

Askosferoz

NameBu yoluxucu bir göbələk xəstəliyidir. Askosfera apis sporları adi şəraitdə uzun müddət qala bilir, münbit şəraitdə xəstəliyin yaranmasına səbəb olurlar. Xəstəlik yoluxmanın 1-ci ilində böyük zərər verir, sonrakı illərdə zərəri azalır.

Əlamətləri: Xəstəliyə əsasən zəif ailələr tutulur. Belə ailələrdə sürfələr inkişafdan qalır və sonda tələf olur. Ölmüş sürfələr quruyaraq qatılaşır, təbaşirə bənzər kütlə əmələ gəlir. Ona görə bu xəstəliyə kirəcləşmə xəstəliyi də deyirlər. Kirəcləşmiş sürfələr işçi arılar tərəfindən çölə daşınırlar. Pətəklərin qarşısında və uçuş bacası ətrafında belə sürfələri asanlıqla görmək mümkündür.

 

Xroniki İflic

Bu xəstəlik də son zamanlar Azərbaycanda tez-tez rast gəlinən xəstəliklərdəndir. Virus xəstəliyidir.Tam təsdiqini tapmasa da xəstəliyin arıdan-arıya yem ötürmələri və varroa, akarapis gənələri ilə ötürüldüyü ehtimal olunur. Çiçək tozu çatışmazlığı, havaların soyuqdan istiyə kəskin dəyişməsi xəstəliyi şiddətləndirir.

Əlamətləri: Arılara tüstü verildikdə yerlərindən tərpənmirlər. Arılarda həyəcanlanma, qanadların fasilələrlə titrəməsi müşahidə olunur. Arılar tüksüzləşir, qaralır, parıldayır, arxa hissəsi kiçilir, qarışqaya bənzəyirlər. Uçuş bacasının ətrafında işçi arılar tərəfindən içəri buraxılmayan xəstə arıların görünməsi də xəstəliyin əlamətlərindəndir.

Amerika çürüməsi

Arıçılar ücün ən arzu olunmaz yoluxucu sürfə xəstəliyidir. Xəstəliyə yaman çürümə, möhürlü çürümə də deyirlər.

 

Əlamətləri: Xəstə sürfələr qapalı gözlərdə tələf olaraq çürüyür və qəhvəyi kütləyə çevrilir. Kütləni çöp ilə dartdıqda sap kimi uzanır və dülgər yapışqanı iyi verir. Pətəyin qapağını açdıqda da həmin iy hiss olunur. Qurumuş sürfələr qara-qonur rəngdə olub gözcüyün aşağı divarına yapışır. Möhürlənmiş sürfələrdə möhürlər deşilmiş və ya içəri batıq olur.

 

 

Avropa çürüməsi

Əsasən (90%) açıq sürfələrin yoluxucu xəstəliyidir. Əsas bal yığımının əvvəlində özünü daha qabarıq biruzə verir.

Əlamətləri: Xəstə sürfələr parlaqlığını itirir, büzüşür və sonra saralırlar. Dəriləri şəffaflaşır, daxili orqanlarını görmək mümkün olur. Sonra kütlə formasına düşmüş sürfə quruyur, asanlıqla qopan, qəhvəyi rəngli qərtmək halında dibə yapışır. Çürümüş sürfələr turş və çürüntü iyi verir.

 

Kisəli sürfə xəstəliyi

Yoluxması: Soyğunçu arıların balı bir ailədən digərinə daşımaları ilə xəstəlik yayılır.Xəstəliyin inkubasiya dövrü 6- 7 gündür.Xəstə sürfələr bala gözü möhürləndikdən sonra Pup dövrünə keçid zamanı ölürlər.

Əlamətləri: Ölü sürfələr açıq gözlərdə az, möhürlənmiş gözlərdə daha çoxdur. Ölü sürfə pətək gözündən asanlıqla çıxa bilər. Sürfələr, içi su dolu neylon torba kimidir. Bir iynə ilə deşildikdə asanlıqla çölə çıxır. Sürfə rəngi başlanğıcda ağdır. Xəstəlik irəlilədikcə saman sarısı və boz rəngə çevrilir. Ölü sürfənin rəngi boz-qaradır. Gözcüklər açılıb araşdırıldığı zaman, sürfənin baş hissəsinin yuxarıya doğru qıvrılmış halda olduğu görülür. Ölü sürfələrin ümumi olaraq Amerika və Avropa çürüməsində olduğu kimi qoxusu yoxdur. İşçi arılar ölü sürfələri asanlıqla gözcüklərdən çıxarıb çölə ata bilərlər. Bu virus isçi arılara da təsir edir,ömürlərini qısaldır,nektar və çiçək tozu yığımını azaldır.

 

Mənbə: http://www.shahdag.net/ari-xestelikleri

Baxış: 3774


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar